...

Yerli vergilərin yığılması məsələlərinə dair görüş keçirilib

18-06-2026 | 14:57

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında “Yerli vergilərin yığılması vəziyyətinin təhlili: Vergi ödəyicilərinin uçotunun aparılması və güzəştli kateqoriyalardan olan şəxslərin hüquqlarının təmin olunması” mövzusuna həsr olunan görüş keçirilib. Görüşdə Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri iştirak ediblər. 
Burada əsas məqsəd yerli vergilərin toplanması sahəsində mövcud vəziyyətin təhlili, vergi inzibatçılığının təkmilləşdirilməsi, eləcə də sosial yönümlü güzəştlərin tətbiqi mexanizmlərinin müzakirəsi olub. 
Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mədinə Əlisoy yerli vergilərin bələdiyyələrin maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynadığını vurğulayaraq, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının vacibliyini diqqətə çatdırıb. 
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Yerli vergilərin yığılmasında “BAMS” proqram təminatının tətbiqi, perspektivləri və üstünlükləri” mövzusunda çıxış edib. Həmçinin şöbənin baş məsləhətçisi Rövşən Mirzəyev yerli vergi və ödənişlərin inzibatçılığı kontekstində sosial yönümlü güzəştlərin tətbiqi aspektləri barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbir çərçivəsində bələdiyyə fəaliyyətində şəffaflığın artırılması, vergi uçotunun düzgün aparılması və güzəştli kateqoriyadan olan vətəndaşların hüquqlarının təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.