...

Yerli özünüidarəetmədə gənclərin rolu mövzusunda tədbir keçirilib

06-12-2024 | 12:10

 Dekabrın 5-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Bələdiyyə və təhsil: yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Müasir idarəetmə forması olan yerli özünüidarəetmənin tarixi və inkişafı” mözusunda çıxış etmişdir. Bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verən Xəyal Eyvazov qeyd edib ki, bələdiyyələrin hüquqi statusunun müəyyənləşdirilməsi ilk dəfə məhz 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış və 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa başlamışdır.

Beləliklə, yerli özünüidarəetmə sisteminin hüquqi bazası yaradılmış, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar qəbul edilmişdir ki, bu da bələdiyyə fəaliyyətinin bütün sahələrini əhatə edir.

Sonra Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Nuraləm İbrahimov “Bələdiyyə assosiasiyalarının yerli özünüidarəetmənin inkişafında rolu”, Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı Təbriz Eyvazlı “Bələdiyyə idarəçiliyində gənclərin rolu və iştirakının əhəmiyyəti” mövzularında çıxış edərək gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının iştirakının vacibliyini bildiriblər.

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla yanaşı mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan, bələdiyyələrin işinin şəffaf təşkil edilməsi, yerli əhalinin, xüsusilə gənclərin onların fəaliyyəti ilə yaxından tanış olması olduqca vacibdir.

Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.