Yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat mövzusunda konfrans keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə noyabrın 28-də Naxçıvan Dövlət Universitetində “Yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin təşkili” mövzusunda konfrans keçirilib.
“Yeniyetmə və gənclərə narkomaniya ilə mübarizədə necə dəstək olmalı?” mövzusunda çıxış ədən Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Reyhan Sadiqova sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizənin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Bu istiqamətdə yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyi hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.
Konfransda Naxçıvan Dövlət Unversitetin müəllimi, “Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyinin təsisçisi Atilla Öztürk “Narkomaniyaya yox, narkomaniya ölümdür”, Universitetin tələbəsi Yusif Mirzəzadə isə “Zərərli vərdişlərdən uzaq olmaq müasir gəncliyin həyat tərzinin əsasında durmalıdır” təbliğatının və maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışaraq, cəmiyyətin ciddi bəlasına çevrilən, "ağ ölüm" kimi tanınan narkomaniyanın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu bildiriblər.
Əsrin bəlası sayılan narkomaniyanın yayılmasının əsas səbəblərinə toxunan çıxışçılar cəmiyyətin bütün üzvlərini problemin həllində birgə fəaliyyətə, qarşılıqlı əməkdaşlığa çağırıblar. Müasir gəncliyi, xüsusən də onun böyük bir hissəsini təşkil edən tələbələri narkomaniyadan qorumaq üçün təşkil olunan tədbirlərin, maarifləndirici görüşlərin vacibliyini önə çəkərək yeniyetmə və gənclərə zərərli vərdişlərin fəsadları haqqında mütəmadi məlumatlandırmağı zəruri sayıblar.