Yeni çağırışlara əsaslanan mütərəqqi ədliyyə islahatlarının banisi
Müasir dünya təcrübəsi göstərir ki, hansısa ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması ilə sıx şəkildə bağlıdır. Bu mənada, əminlikdə deyə bilərik ki, respublikamızın hüquq sistemində mühüm yeri və rolu ilə seçilən ədliyyə orqanları mövcudluğunun bütün mərhələlərində xalqa və dövlətə layiqli xidməti özünün əsas fəaliyyət prinsipinə çevirmiş, vətəndaşların qanuni mənafelərini hər zaman uca tutmuşdur.
Yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz ədliyyə orqanları mövcudluq tarixinin sərt sınaqlarından üzüağ çıxaraq qarşısında duran vəzifələri şərəflə yerinə yetirmiş və müstəqil respublikamızın mühüm dövlət təsisatlarından birinə çevrilmişdir. Azərbaycanda digər sahələrdə olduğu kimi, ədliyyə sistemində də ardıcıl, sistemli islahatların aparılması, ədliyyə orqanlarının istər keçmiş sovetlər birliyi, istərsə də müstəqillik dövründə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmaları, yeni çağırışlara adekvat şəkildə müasirləşdirilməsi xalqımızın Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamı ilə anadan olmasının 100-cü ildönümünün böyük təntənə ilə qeyd edilməsi Ulu öndərin müasir tariximizdəki müstəsna roluna verilən yüksək ictimai dəyərin ifadəsidir. Ədliyyə orqanlarının çoxsaylı əməkdaşları Ümummili liderin dövlət və xalq qarşısındakı tarixi xilaskarlıq və quruculuq missiyasını hər zaman böyük ehtiramla vurğulayır, əziz xatirəsini uca tuturlar.
Ümummilli liderin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı günü kimi təsbit edilmişdir. Ölkəmizdə ədliyyə sisteminin inkişafına hüquqi dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsi kimi yanaşan Heydər Əliyevin həmin sərəncamı həm də tarixi irsimizə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına ehtiramın ali təzahürü olmuşdur. Tarixi faktlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atmış, milli dövlət quruculuğunu ədalətə və qanunçuluğa tapınaraq reallaşdırmışdır. Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-dən – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixi bir gündə, eyni zamanda, Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir. Nazirlik həmin dövrdə sosial-iqtisadi, siyasi şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı yolunda xeyli iş görmüşdür. İlk növbədə, ədliyyə strukturları yaradılmış, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Zəruri hüquqşünas kadrların hazırlanması ilə yanaşı, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, “ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında” və digər qanunlar Parlamentin müzakirəsinə çıxarılaraq qəbul edilmişdir. Fəaliyyəti unudulmaz hadisələrlə zəngin olan Ədliyyə Nazirliyi mövcudluğu illərində bir sıra çətin mərhələləri də inamla adlamışdır. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq və məhkəmə orqanlarına verilmişdir. Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmış, 1946-cı ilə qədər Xalq Ədliyyə Komissarlığı, sonra Ədliyyə Nazirliyi adlandırılmışdır.
Əsl siyasi lider hansısa taleyüklü mərhələdə məsuliyyəti öz üzərinə götürərək, xalqının gələcəyi baxımından cəsarətli qərarlar qəbul etmək məharəti ilə seçilir. Xalqın təkidli istəyi ilə 1993-cü ilin 9 iyununda Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyev yorulmaq bilmədən Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuşdur. Ulu öndər Heydər Əliyev bu mərhələdən etibarən de-yure mövcud olan Azərbaycanı de-fakto qurmağa, onun milli dövlətçilik sütunlarını möhkəmləndirməyə, milli inkişaf strategiyasını müəyyənləşdirməyə başlamışdır. Ümummilli liderin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri, həmin ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, davamlı inkişaf və tərəqqi üçün etibarlı zəmin hazırlamışdır. Böyük filosof Tur Xander zamanında yazırdı ki, “İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir”. Ulu öndər Heydər Əliyevin ümummilli liderlik zirvəsinə yüksəlməsi, xalqın qəlbində özünə möhtəşəm abidə ucaltması həm də onun milli inkişaf strategiyasının banisi olması ilə şərtlənir. Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi, hüquq sistemində də köklü islahatların reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Əsas Qanunun qəbulundan sonra respublikamızda bir sıra sahələrlə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni dövrün tələbləri ilə təkmilləşdirilməsi istiqamətində də kompleks islahatlar həyata keçirilmişdir.
Azərbaycanda Ədliyyə Nazirliyinin yenidən, eyni zamanda, əsaslı surətdə təşkili, ədliyyə orqanlarının cəmiyyətdəki layiqli yerinin təmini isə məhz ümummilli lider Heydər Əliyevin 1969-cı ilin iyul ayında respublika rəhbərliyinə gəlişindən sonra mümkün olmuşdur. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı əsasında Azərbaycan SSR-in Ədliyyə Nazirliyi, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin 5 may 1971-ci il tarixli, 6 nömrəli büro iclas protokolu ilə Naxçıvan MSSR-in Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur. Beləliklə, Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaradılmışdır. Böyük fransız yazıçısı Viktor Hüqo deyirdi: “Gücün kimin tərəfində olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, haqq kimin tərəfindədir”. Haqq-ədalət uğrunda mübarizəni həyat kredosuna çevirmiş ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyinin ilk günlərindən etibarən hər bir fərdin qanuni maraq və mənafeyini, ədalət meyarını uca tutmuş, cəmiyyətdə, dövlət idarəçiliyində özünü göstərən neqativ hallarla qarşı prinsipial mübarizə aparmışdır. Böyük strateq qanunçuluğun və hüquq qaydalarının qorunmasını dövlətin ümdə vəzifəsi kimi müəyyən edərək, vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından mükəmməl ədliyyə sisteminin formalaşdırılmasının vacibliyini daim önə çəkmişdir. 1981-ci ilin dekabr ayında o dövrün nüfuzlu nəşri olan “Literaturnaya qazeta”da dərc olunan “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsində yer almış qətiyyətli fikirləri ulu öndər Heydər Əliyevin şəxsiyyətinin miqyası barədə dolğun təsəvvür yaradır. Ümumilikdə, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə həyata keçirilmiş kompleks iqtisadi, hüquqi, mədəni-humanitar tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə etibarlı əsaslar yaratmışdır. Böyük strateq 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra respublikaya rəhbərlik edən şəxslər təəssüf ki, Azərbaycanı yenidən iqtisadi və mənəvi tənəzzül məngənəsinə sürüklədilər. 80-ci illərin sonuna yaxın bədxah qonşularımız imperiya rəhbərliyinin himayəsi altında Azərbaycana qarşı aşkar ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bütün bunlara göz yuma bilmədiyi üçün SSRİ rəhbərliyindən istefaya verən ulu öndər Heydər Əliyev sonrakı dövrdə belə, millətinin haqq səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin 20 Yanvar hadisələrindən dərhal sonra ailəsi ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş müdrik şəxsiyyət imperiya rəhbərliyini Kremlin bir addımlığında sərt şəkildə tənqid etmiş, qınamış, xalqının faciəsinə vətənpərvərliklə reaksiya vermiş, dərdinə şərik çıxmışdı. 1 9 9 0-cı ilin iyununda ulu öndər Heydər Əliyevin Moskvadan Azərbaycana – Naxçıvana dönüşü ümumən respublikada milli azadlıq mübarizəsinə yeni təkan vermiş, dövlət müstəqilliyinin bərpasına xidmət edən hüquqi qərarların qəbulu prosesini sürətləndirmişdir. Məhz Ümummilli liderin təşəbbüsü ilə 1991-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yekdil qərarına əsasən müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ilk dəfə muxtar respublikanın rəsmi bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İttifaqın qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina edərək, “Yeni ittifaq müqaviləsi”ni cəsarətlə rədd etmişdir.
Heydər Əliyev şəxsiyyəti bu mərhələdən etibarən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi və demokratik dövlətdə layiqli yerini tutması üçün əlindən gələni əsirgəməmiş, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün çağırışlarına adekvat şəkildə müasirləşdirilməsini zəruri saymışdır. Dahi rəhbərin təşəbbüsü ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nazirliyin səlahiyyətlərini genişləndirmiş və cəmiyyətdə rolunu artırmışdır. Aparılan köklü islahatlar respublikamızın dövlət quruluşu sistemində ədliyyə orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi məqsədinə yönəlmişdir. Onun təşəbbüsü ilə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti təsis edilməklə yanaşı, keçmiş MDB-də ilk olaraq Azərbaycanda istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir. Ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin ibtidai istintaqının aparılması, bütün qeyri-tibbi məhkəmə ekspertizalarının həyata keçirilməsi, Azərbaycan Respublikası adından xarici dövlətlər və beynəlxalq təşkilatlarla hüquqi sahədə əməkdaşlıq üzrə müqavilələrin bağlanması və onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən ekstradisiya və digər məsələlərin həlli Ədliyyə Nazirliyinə tapşırılmışdır. Ölkəmizdə aparılan hərtərəfli islahatların səmərəli iqtisadi sistemin bərqərar olmasına gətirib çıxarması əhalinin hüquq və mənafelərinin daha etibarlı qorunması, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi zərurətini yaradırdı. 2000-ci ildə iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı – Notariat və VVADQ orqanlarında da köklü dəyişikliklər və əsaslı tədbirlər həyata keçirilmiş, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metoloji yardımın göstərilməsi Ədliyyə Nazirliyinin funksiyalarına aid edilmişdir. Ümumiyyətlə, 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu artmışdır. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Xüsusi vurğulamaq istərdik ki, ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, cəzaların icrası, normativ aktların dövlət qeydiyyatı və digər sahələr üzrə əlavə səlahiyyətlər verilmişdir. Əgər həmin əlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin fərmanın qəbulundan sonra qurumun mərkəzi aparatının yeni strukturu təsdiq edilmiş, yeni şöbə və bölmələri yaradılmış, təkcə aparatının ştat sayı 3 dəfədən çox artırılmışdır. Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi müdrikliyi və nəhəngliyi onun həm də özündən sonra dövləti inamla irəli aparan, Azərbaycan dövlətini böyük uğur və tarixi zəfərlərə qovuşduran layiqli siyasi lider yetişdirməsi ilə ölçülür. Ümummilli liderin ən layiqli siyasi davamçısı – Prezident İlham Əliyevin ötən 20 ildə imzaladığı mühüm fərman və sərəncamlar, dövlət proqramları ədliyyə sisteminin işinin əhəmiyyətli dərəcə təkmilləşməsini, keyfiyyətcə yeni dövrün tələbləri səviyyəsində qurulmasını təmin etmişdir. Dövlət başçısının rəhbərliyi, Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovun yüksək təşkilatçılığı ilə aparılan bu islahatlar ədliyyə orqanlarının cəmiyyətdəki nüfuzunu və layiqli mövqeyini təmin etmişdir. Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi, nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq-mühafizə orqanı statusunun verilməsi onun roluna verilən yüksək qiymət olmuşdur. Bu sənədə əsasən, Ədliyyə Nazirliyi qanunvericilik aktlarının layihələrini hazırlayır, rəy verir, normativ-hüquqi aktların, normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu, dövlət qeydiyyatını həyata keçirir, notariat orqanlarının fəaliyyətinə nəzarəti təmin edir, vətəndaşlıq vəziyyəti aktlarının, hüquqi şəxslərin, həmçinin Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir. Eyni zamanda, bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, hüquq sahələrinə dair elmitədqiqat işlərini aparır, məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir. 26 may 2006-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanun isə ədliyyə qulluqçularının fəaliyyət prinsiplərini, bu orqanda işə qəbulun hüquqi əsaslarını müəyyənləşdirən əhəmiyyətli sənədlərdən olmuşdur. Qanunla ədliyyə sistemində, onun strukturlarında – idarə və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydaları və şərtləri, ədliyyə qulluqçularının hüquqi vəziyyətinin əsasları müəyyən edilmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanı isə Azərbaycan ədliyyəsi üçün mühüm və proqram xarakterli sənəd olaraq, nazirliyin strukturunda yeni dövrün tələblərindən irəli gəlın dəyişikliklərin edilməsinə, bir sıra qurumların funksiyalarının dəqiqləşdirilməsinə imkan yaratmışdır. Ümumən, fərman dövlət başçısının ölkədə güclü ədliyyə sisteminin formalaşmasına dair siyasi iradəsinin təzahürü olmuşdur. Sənəddən irəli gələn vəzifələrin icrası ilə bağlı konkret işlər görülmüş, o cümlədən normativ sənədlərin hazırlanması üzrə təcrübəli ədliyyə işçilərindən ibarət xüsusi işçi qrup yaradılmış, mərkəzi aparatın yeni strukturu, onun tərkibinə daxil olan baş idarə və idarələrin əsasnamələri təsdiq edilmişdir. Yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciətetmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün 10 regional ədliyyə şöbəsi yaradılmış, onların strukturu və ştat bölgüsü təsdiq edilmiş, səlahiyyətlərinə aid məsələlər və ərazi yurisdiksiyaları müəyyən olunmuşdur. Həmçinin, regional ədliyyə şöbələrinə zəruri şəraitin yaradılması, onlara ayrılmış binalarda təmir, abadlıq işlərinin aparılması, maddi-texniki təminat üzrə müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində reallaşdırılmış məqsədyönlü tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Proqramla ədliyyə sahəsində islahatlar, bu sahədə inkişafın təmin edilməsi; ədliyyə sistemində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkili; cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi; vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi və digər mühüm hədəflər uğurla reallaşdırılmışdır. Onu da qeyd etmək lazımdır ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ədliyyə sistemində islahatlar üçün də “yol xəritəsi” rolunu oynayaraq, ədliyyə orqanlarının fəaliyyətində müəyyən yeniliklərə hüquqi zəmin yaratmışdır. İnsan hüquq və azadlıqlarınının müdafiəsinə xidmət edən islahatlatların uğurla reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun rəhbəri kimi son 19 ildə aztəminatlı, həssas təbəqələrdən olan insanların hüquq və azadlıqlarının müdafiəsi, sosial problemlərinin həlli istiqamətində bütün zəruri tədbirləri həyata keçirmişdir. Milli Məclisin deputatı kimi 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən Heydər Əliyev Fondunun prezidenti insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığını bir daha göstərmişdi. Milli parlamentarizm tarixində ilk dəfə olaraq məhz Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur. İnsan amilini daim uca tutan Prezident İlham Əliyevin vətəndaş məmnunluğuna xidmət edən siyasətinin mahiyyətinə uyğun olaraq milli ədliyyə sistemi yeni dövrün çağırışlarına uyğun müasirləşdirilir, ədliyyə orqanlarının fəaliyyətində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqi xüsusi diqqət mərkəzində saxlanılır. “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara hazırda 30-dan çox müxtəlif elektron xidmətlər göstərilir. Son illərdə reallaşdırılmış “Elektron notariat”, “Elektron icra” “Mobil notariat”, “Mobil əhali”, habelə məsafədən ədliyyə xidmətlərini təmin edən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) kimi innovativ layihələr mövcud istiqamətdəki keyfiyyətin və operativliyin yüksəldilməsinin bariz nümunəsidir. Azərbaycan Respublikasında aparılan ardıcıl hüquqi islahatlar, eləcə də ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin fəaliyyətinin də müasir çağırışlara uyğun qurulmasını şərtləndirir. Xüsusi vurğulanmaq istərdik ki, Prezident İlham Əliyevin siyasi iradəsilə reallaşdırılan əsaslı kadr islahatları çərçivəsində 2022-ci il 22 dekabr tarixində hörmətli Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi, eləcə də “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”nin təsdiqi qısa müddətdə öz müsbət nəticələrini vermiş, Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, Ədliyyə Nazirliyinin fəaliyyətində də əsaslı islahatlara, innovativ yeniliklərin tətbiqinə imkan yaratmışdır. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli ədliyyə sistemi qarşısında müəyyənləşdirdiyi strateji vəzifələrə uyğun quraraq, vətəndaş məmnunluğunun təmini istiqamətində bütün zəruritədbirləri reallaşdırmağa çalışır. Ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən nazirlik muxtar respublika əhalisinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına və dövlət reyestrinə, penitensiar sistemə, notariat orqanlarının və qeydiyyat orqanlarının fəaliyyətinə rəhbərliyi həyata keçirir, bələdiyyələrə metodoloji yardımı, inzibati nəzarəti, məhkəmə ekspertizalarının keçirilməsini, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır, həmin aktların layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylər verir, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır və digər vəzifələri təmin edir. Dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illiyi, eləcə də Azərbaycanın ən ağır və taleyüklü məsələsini, işğal altında olan torpaqlarımızın azad olunması missiyasını uğurla reallaşdırmış müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin 20 illiyi ilə əlaqədar Muxtar Respublikanın ədlyyə orqanlarında silsilə tədbirlər təşkil edilmişdir. Ədliyyə fəaliyyəti ilə əlaqədar maarifləndirici toplantılar və görüşlər, həmçinin vətəndaşları narahat edən müxtəlif məsələrlə bağlı davamlı qəbullar keçirilmiş, bir sıra problemlər yerindəcə həllini tapmış və digər məsələrlə bağlı Nazirliyin tabeliyində olan qurumlara müvafiq tapşırıqlar verilmişdir. Azərbaycanın ədliyyə sisteminin çoxsaylı təmsilçiləri bu il peşə bayramlarını daha yüksək ovqatda – yüksək təntənə, milli qürur və fəxarət hissi ilə qeyd edirlər. Azərbaycan Ordusunun 2023-cü il sentyabr 19-20-də həyata keçirdiyi, cəmi 23 saat davam edən lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Ermənistanın tarixi ərazimiz olan Qarabağda formalaşdırdığı qanunsuz rejimin özünü buraxmağa məcbur edilməsi, regionda separatizmə son qoyulması, suverenliyimizin bərpası ədalətin, beynəlxalq hüquq normalarının təntənəsi və xalqımızın böyük zəfəridir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin suverenliyimizin tam təmin olduğu ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızı ucaltması, noyabrın 8-də – Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda iştirakı və möhtəşəm çıxışı çağdaş tariximzin qızıl səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan həlledici uğurlar, eyni zamanda, ərazi bütövlüyümüzün, suverenliyimizin təmini ölkəmizin daha sürətli tərəqqisinə, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsinə, inkişaf etmiş ölkələrlə bir sırada dayanmasına etibarlı təminat yaradır. Ədliyyə orqanlarının əməkdaşları əmindirlər ki, ölkəmizin ən müasir tarixinin bu möhtəşəm uğurları insan və vətəndaş hüquq-azadlıqlarının reallaşdırılması istiqamətində həyata keçirilən islahatlara yeni təkan verəcək, o cümlədən ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən kompleks islahatlar ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir.
Hüseyn Səfərov
Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifəsini
müvəqqəti icra edən, nazir müavini