“Vətəndən başlanan yolun başlanğıc günü” mövzusunda tədbir keçirilib
22-07-2023 | 09:35
İyulun 21-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində “1990-cı il 22 iyul - böyük qurtuluşa Vətəndən başlanan yolun başlanğıc günü” mövzusunda tədbir keçirilib.
Ədliyyə işçilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəis müavini, I dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu təsdiqləyən tarixi hadisələr çox olsa da Ümummilli Liderin Muxtar Respublikanın Ali Məclisinin Sədri işlədiyi müddətdə canından çox sevdiyi xalqı üçün göstərdiyi fədakarlıq yalnız böyük şəxsiyyətlərə məxsus dahilik nümunəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin belə bir dövrdə – 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya qayıdışı naxçıvanlılara böyük ümid və sevinc bəxş etdi. Bu qayıdış insanların ölkəmizin bütün bəlalardan xilas olacağına ümidlərini artırdı.
Nazirliyin əməkdaşları Xaliq Nəcəfli və Reyhanə Əsgərova çıxış edərək 1990-1993-cü illərdə Ulu Öndərin xilaskarlıq missiyası barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, dahi şəxsiyyətin, ömrünü vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara qayıdışı əhali tərəfindən sevinclə qarşılandı. O zaman naxçıvanlılar tam əmin idilər ki, bu yurdu yalnız Ulu Öndər xilas edə bilər. O zaman əzablı və ağır günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdi. Ulu öndər Naxçıvana gəldi və öz xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan “Dahi ” filminə baxış olub.