...

Uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib

11-10-2023 | 10:56

Oktyabrın 10-da Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması və təbliği ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbir ölkəmizin ərazi bötövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsi vacibdir. E.Həziyev qeyd edib ki, uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Daha sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, ll dərəcəli ədliyyə qulluqçusu Reyhanə Əsgərova bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənədin 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası olduğunu bildirən R.Əsgərova bu Konvensiyaya 189 ölkənin qoşulduğunu və Azərbaycan Respublikasının da Konvensiyanı 1992-ci ildə ratifikasiya etmiş olduğunu bildirib.Tədbirdə şagirdlər dusskusiya xarakterli fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.