Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib
Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində nazirliyin aparatının və tabe qurumların əməkdaşlarının iştirakı “Heydər Əliyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin banisidir” mövzusuna həsr olunan növbəti tədbir keçirilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən Təşkilat-nəzarət şöbəsinin rəis müavini Ələkbər Hüseynov Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə qısa nəzər salıb, dahi şəxsiyyətin hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
İstintaq bölməsinin rəisi Zamin Nəbiyev “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”ndən danışıb, onun dövlətçilik tariximizdə gördüyü işlərdən bəhs edib. Bildirib ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Sonra “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda Qanunvericilik bölməsinin baş məsləhətçisi Siyavuş Babayev çıxış edib. Qeyd olunub ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələrindən idi. Məhz bu prinsiplər üzərində qurulan Azərbaycan dövləti yüksək sürətlə inkişaf edərək beynəlxalq arenada özünəməxsus yer tutub.
Tədbirin sonunda əməkdaşlar Ümummilli lider Heydər Əliyevə həsr olunan “Tarixin izi ilə” filminə baxıblar.