“Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr olunan tədbir olub
Noyabrın 04-də Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən “20 oktyabr-20 noyabr tarixləri-Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının qorunmasına dair tədbir keçirilib. Naxçıvan şəhər Məhkəməsinin inzibati binasında təşkil olunan tədbirdə şəhər icra və probasiya şöbəsinin icraatında olan uşaqla ünsiyyət tələbinə dair icra sənədləri üzrə tərəflər iştirak edib.
Tədbirdə “Uşaqla ünsiyyət tələbinə dair icra sənədlərinin icrası zamanı uşaq hüquqlarının qorunması ilə bağlı tərəflərin üzərinə düşən öhdəliklər” barədə nazirliyin əməkdaşı Rəşad Allahverdiyev danışıb. Bildirib ki, uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. 19 may 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanun”nu Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər Beynəlxalq Hüquq normalarına uyğun olaraq ölkədə uşaqların hüquq və azadlıqlarını, dövlətin uşaq siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
Sonra "20 noyabr –Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar qəbul edilmiş normativ aktlar və qanunvericilikdə uşaq hüquqları ilə bağlı müəyyən edilmiş müddəalar barədə” Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Qəmbərov və “Uşaq hüquqlarının pozulması və onların mənafeyinə zidd olan əməllərin törədilməsinə görə nəzərdə tutulmuş məsuliyyət barədə” Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Şəbnəm Əliyeva çıxış edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.