...

Tikinti sahəsində qanunvericiliyin tələbləri müzakirə olunub

19-03-2026 | 16:09

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tikinti sahəsində qanunvericiliyin tələblərinin izahı və qanunsuz tikililərin qarşısının alınması məqsədilə maarifləndirici tədbir təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

Maarifləndirici tədbirin əsas məqsədi tikinti sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri, şəhərsalma normaları barədə məlumatlılığın artırılması, eləcə də qanunsuz tikililərin qarşısının alınması istiqamətində aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsi olub.

Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şahbuz Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi və Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, bələdiyyə nümayəndələri və sahə üzrə mütəxəssislər iştirak ediblər.

Çıxışlar zamanı tikinti işlərinin aparılması zamanı normativ hüquqi aktlara riayət olunmasının vacibliyi vurğulanıb, qanunsuz tikililərin yaratdığı hüquqi və sosial problemlər diqqətə çatdırılıb. Bildirilib ki, bu kimi halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və qurumlararası koordinasiyanın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.