...

Tikinti sahəsində maarifləndirici tədbir keçirilib

02-04-2026 | 17:32

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Tikinti sahəsində qanunvericiliyin tələbləri və qanunsuz tikililərin qarşısının alınması” mövzusunda növbəti maarifləndirici tədbir Babək rayonu Kərimbəyli kəndində təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Babək rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hüseyn Bəhrəmov açaraq keçirilən maarifləndirici görüşün əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin əməkdaşı Sabit Abdullazadə tikinti işlərinin aparılması zamanı mövcud normativ hüquqi aktların tələbləri, qanunsuz tikililərin qarşısının alınmasının vacibliyi, daşınmaz əmlakın qeydiyyatı, tikililərin hüquqi statusunun müəyyənləşdirilməsi və bu sahədə mövcud prosedurlar barədə ətraflı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki eksperti Həsən Babayev çıxış edərək tikinti sahəsində ekspertiza prosesləri, qanunsuz tikililərin aşkarlanması və hüquqi nəticələri barədə söhbət açıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.