Təhsili xüsusi nailiyyətlərlə başa vurmuş və qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi illərdə atdığı taleyüklü addımlardan biri də gənclərin təhsilinin və hərtərəfli inkişafının diqqətdə saxlanılması idi. Sovet İttifaqının mötəbər ali təhsil ocaqlarında təhsilə cəlb edilən gənclər müstəqillik əldə etdikdən sonra ölkəmizin əsas hərəkətverici qüvvəsinə çevrildilər. Ulu Öndərimiz siyasi hakimiyyətə qayıtdıqdan sonra gənclərin təhsilinə qayğı ənənəsi daha geniş imkanlarla davam etdirildi, bu günümüzün etibarlı kadr potensialı formalaşdırıldı.
Qeyd edilib ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasi xətti uğurla davam etdirilir. Bu siyasi xəttin əsasında qalib ölkəmizin bütün sahələrdə öz sözünü deyən inkişaf dinamikası dayanır. Prezident cənab İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla həyata keçirilir. Ölkə başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsil ən prioritet sahə kimi əsas yer tutur. Dövlət Proqramında nəzərdə tutulan təhsil quruculuğunun əsas hədəfi gənclərin gələcəyə və mötəbər tribunalara hazırlanmasıdır.
Növbəti həftədən proqramın alt istiqamətləri üzrə konkret tədbirlərə başlanılacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə qısa zamanda reallaşdırılacaq bu tədbirləri bugünkü görüşdə iştirak edən gənclər üçün yaxşı fürsət kimi dəyərləndirib, bu imkanlardan yararlanmağı, təhsillərini inamla davam etdirməyi tövsiyə edib. Gələcəyimiz olan gənclərin yiyələndikləri biliklərin 10 il sonra ölkəmizin gələcək inkişafında öz sözünü deyəcəyinə əminliyini ifadə edən Fuad Nəcəfli gənclərə təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək cari tədris ilində qazanılan uğurları diqqətə çatdırıb. Bildirilib ki, cari tədris ilində ümumtəhsil məktəblərini 3166 məzun bitirib. Muxtar respublika məzunlarının 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 196 nəfəri buraxılış və qəbul imtahanlarında, ümumilikdə, 500-700 arası bal toplayıb. 84 məktəb yüksək nəticə verib ki, bunun da 57-si, yaxud 68 faizi kənd məktəbləri olub.
Nazir qeyd edib ki, təhsili xüsusi nailiyyətlərlə başa vuran 20 məzun “Qızıl”, 24 məzun isə “Gümüş” nişana layiq görülüb. “Qızıl” nişana layiq görülənlər ölkə üzrə 16, “Gümüş” nişana layiq görülənlər isə 25 faiz təşkil edir. Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin məzunu Mikayıl Cəfərli 691 bal toplayaraq II ixtisas qrupu üzrə ölkə birincisi olub. Bununla yanaşı, Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlilinə əsasən ötən il məzunların ali təhsil müəssisələrinə qəbulolma göstəricilərində ilk onluqda muxtar respublikanın 1 şəhər və 5 rayonu yer alıb.Rəhman Məmmədov təhsili xüsusi nailiyyətlərlə başa vuran, imtahanlarda yüksək nəticə göstərən məzunları təbrik edib, onların yaxşı təhsil alması üçün göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlığını bildirib.
Valideynlərdən Səxavət Bəylərli və məzunlardan I ixtisas qrupu üzrə muxtar respublika birincisi Rəna Rəhimli çıxış edərək yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Sonra 2022-2023-cü tədris ilində tam orta təhsilini xüsusi nailiyyətlərlə başa vuran 20 məzuna “Qızıl”, 24 məzuna isə “Gümüş” nişanlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ayrı-ayrı ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək muxtar respublika birincisi olmuş gəncləri mükafatlandırıb, tədbirdə iştirak edən məzunlarla xatirə fotosu çəkdirib.