...

Təcrübə kursunun başlanmasına start verilib

03-10-2023 | 16:21

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış “2023-2024-cü tədris ilində tələbələrin nazirlikdə təcrübə keçmələrinə dair Müqavilə”yə əsasən universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasında qiyabi şöbə üzrə təhsil alan V kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıblar.

Bir ay davam edəcək istehsalat təcrübəsinin başlanması ilə əlaqədar  oktyabrın 03-də Ədliyyə Nazirliyində tədbir təşkil edilib. Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəis müavini Ələkbər Hüseynov tələbələrlə görüşdə nazirliklə universitet arasında əməkdaşlıqdan bəhs edib. Təcrübə kursunun təşkil edilməsinin məqsəd və prinsipləri barədə məlumat verərək qeyd edib ki, təcrübənin növbəti günlərində ayrı-ayrlılıqda tələbələr nazirliyin aparatının şöbə və bölmələrində olaraq, əməkdaşlar tərəfindən tərtib olunmuş təcrübə proqramı üzrə məşğələlərdə iştirak edəcək, nazirliyin tabe  və yerli qurumlarında görülən işlərlə yaxından tanış olacaqlar.

Sonra Universitetin Hüquq fənləri kafedrasının müdiri Qəhrəman Behbudov və müəllimi Elman Abbasov çıxış edərək təcrübə kursunun vacibliyi və əhəmiyyəti barədə məlumat veriblər. Vurğulanıb ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, nəzəri biliklərinin təkrarlanması və təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.