...

Şərurda rəqəmsallaşma və elektron idarəetmə ilə bağlı tədbir keçirilib

07-05-2026 | 17:44

Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında “Rəqəmsallaşma və elektron idarəetmə sahəsində dövlət prioritetlərinin nəzərə alınması” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Şərur, Kəngərli və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sahib Qurbanov açaraq mövzunun aktuallığından bəhs edib, dövlət idarəçiliyində rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov çıxış edərək “Rəqəmsal inkişafın sürətləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda ətraflı məlumat verib. Bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyaların tətbiqi idarəetmədə şəffaflığın artırılmasına, xidmətlərin operativliyinə və vətəndaş məmnunluğunun yüksəldilməsinə mühüm töhfə verir.

Tədbirdə həmçinin Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Rövşən Mirzəyev “Elektron idarəetmə sahəsində vahid mərkəzləşdirilmiş sistemə keçid” mövzusunda çıxış edərək bələdiyyələrin fəaliyyətində elektron sistemlərin tətbiqinin genişləndirilməsi, məlumat bazalarının inteqrasiyası və idarəetmənin daha səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, Şərur, Kəngərli və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinə “Bələdiyyə üzv və qulluqçularının hüquqi statusu və ondan irəli gələn əsas tələblər” barədə metodik vəsait təqdim edilib.