...

Şərurda bələdiyyə sədrləri və üzvləri üçün təlim keçirilib

15-11-2023 | 17:55

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə və Maliyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin büdcəsinin formalaşması və maliyyə uçotunun aparılmasına dair qanunvericiliyin tələbləri” mövzusunda Şərur rayonunda təlim keçirilib. Təlimdə rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri, habelə rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Qurbanov bələdiyyələrin yerli məsələlərin həllindəki roluna toxunaraq keçirilən təlimin məqsəd və əhəmiyyətindən danışıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyələrin maliyyəsinin formalaşmasında qanunvericiliklə müəyyən edilən vəzifələr” mövzusunda çıxış edib. Çıxışında bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması, yerli vergi və ödənişlərin yerli büdcələrə ödənilməsinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan əsas məqamlara toxunub.

Sonra Maliyyə Nazirliyinin büdcə şöbəsinin yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunun aparıcı məsləhətçisi Miryaqub Seyidov “Bələdiyyələrdə mühasibat uçotunun təşkili və maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri” barədə çıxış edib. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla tənzimlənən bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlərdən danışıb.

Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.