Şərur rayonunun Çərçiboğan kəndində şəhidlər bulaq-abidə kompleksi istifadəyə verilib
Şərur rayonunun Çərçiboğan kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri - Novruzov Elvin Ziyafət oğlu, Abbasov Ramiq İlyas oğlu, Məmmədov Faiq Yaqub oğlu, Novruzov Cavid Ələsgər oğlu, Süleymanov Ələddin Eldar oğlu, Novruzlu Pərviz Qorxmaz oğlu və Cabbarov Seymur İlham oğlunun xatirəsinə ucaldılmış bulaq-abidə istifadəyə verilib.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, qazilər, şəhid ailələri üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan Ordusunun rəşadətindən bəhs edib. Bildirib ki, ölkəmizdə müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Uzaqgörən siyasətçi, fenomenal şəxsiyyətin uğurlu missiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı, tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu.
Səlahiyyətli nümayəndə istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Şərurun qəhrəman övladlarının böyük rəşadət göstərdiyini, torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında öndə gedən vətənpərvər oğullardan olduqlarını vurğulayıb. Qeyd edib ki, dövlətimiz tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial müdafiəsi gücləndirilir, şəhidlərimizin xatirəsi daim əziz tutulur. İstifadəyə verilən şəhid bulaq-abidə kompleksləri də bu diqqətin mühüm ifadəsidir.
Şəhid valideynləri adından çıxış edən İlham Cabbarov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs edib, şəhid atası olmaqdan qürur duyduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər bildirib ki, xalqımız qəhrəmanlarını unutmur, onları qəlbində, yaddaşında yaşadır, əziz xatirələrini daim yad edir, gələcək nəsillərə ötürür.
Sonra şəhidlər bulaq-abidə kompleksinin açılışı olub.
Tədbirdə məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.