Şərur rayonunda növbəti “Açıq qapı” günü təşkil edilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin cari ilin fevral ayından başlayaraq təşkil etdiyi “Açıq qapı” günləri davam etdirilir. Nazirliyin təcrübəli əməkdaşları muxtar respublikanın şəhər və rayonlarında olaraq vətəndaşları qəbul edir, fəaliyyət istiqamətinə uyğun daxil olan müraciətlərlə əlaqədar tədbirlər görürlər. İyulun 11-də Şərur rayonunda növbəti dəfə “Açıq qapı” günü keçirilib. Şərur Rayon Məhkəməsinin inzibati binasında baş tutan qəbul iş saatının sonunadək davam edib. Vətəndaşlar əsasən aliment, pul tələbi, icra prosesi, uşaqla görüş, ad və soyadın dəyişdirilməsi məsələləri ilə əlaqədar müraciət ediblər. Əməkdaşlar tərəfindən müraciətlər rəsmiləşdirilərək qeydiyyata alınıb, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib, araşdırma tələb edən mövzular nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə uyğun olmayan məsələlərlə əlaqədar daxil olan müraciətlər üzrə aidiyyəti orqanlara müraciət etmələri və hüquqları izah olunub.
Qeyd edək ki, növbəti “Açıq qapı” günü 28 iyul 2023-cü il tarixdə tarixdə Kəngərli rayonunda keçiriləcəkdir.