Şərur rayonunda maarifləndirici tədbir keçirilib
Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən Şərur Rayon Məhkəməsinin inzibati binasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə maarifləndirici görüş keçirilib.
Şöbənin rəis müavini kiçik ədliyyə müşaviri Rəşad Allahverdiyev çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasının diqqətdə saxlanıldığını bildirib.
Rəşad Allahverdiyev ictimai işlər növündə cəza, islah işləri, cərimə cəzası, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə , müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə barədə ətraflı məlumat verib. Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma qaydalarından danışıb.
Nazirliyin əməkdaşı Sahil Həsənov cinayət məsuliyyəti, cəza, cəzanının növləri və onlardan biri olan azadlığın məhdudlaşdırılması cəzası, onun icra qaydası, bu cəzaya məhkum edilmiş şəxslərin hüquq və vəzifələri barədə qanunvericilikdən irəli gələn məqamları diqqətə çatdırıb. Vurğulanıb ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir. Bildirilib ki, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə töhmət almış məhkumun il ərzində daha iki dəfə həmin əməlləri törətməsi mütəmadi, digər hallarda isə qərəzli olaraq qiymətləndirilir.
Sonra məhkumları maraqlandıran suallara cavab verilib.