Şərur rayonunda borclularla profilaktiki görüş keçirilib
Avqustun 29-da Ədliyyə Nazirliyinin əməkdaşları Şərur Rayon Çomaxtur Kənd Mərkəzində rayon icra və probasiya şöbəsinin icraatında olan aliment və pul tələbi ilə bağlı borclu şəxslərlə görüşüblər.
Tədbirdə nazirliyin İstintaq bölməsinin rəisi Zamin Nəbiyev, İcra və probasiya şöbəsinin baş məsləhətçisi Eltural Vəzirov və məsləhətçisi Əbülfəz Gülməmmədov çıxış ediblər.
Çıxışlarda nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olan məhkəmə və digər orqanların qərarlarının icrasının daim diqqətdə saxlanıldığı və icra tədbirlərindən yayınan borclularla mütəmadi olaraq profilaktiki söhbətlər aparıldığı qeyd olunub. Bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd məhkəmə və digər orqanların qərarlarının vaxtında təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan maneələrin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasından ibarətdir.
Nazirliyin əməkdaşları tərəfindən məhkəmə qərarlarının icra edilməməsinin hüquqi nəticələri, borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilib, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə əsas məqamlar iştirakçıların diqqətə çatdırılıb.
Tədbirin sonunda borclu şəxslər dinlənilib və onların sualları cavablandırılıb.