...

Sərəncamın icrası diqqətdə saxlanılır

01-11-2024 | 15:16

11 sentyabr 2024-cü il tarixində “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində bu sahədə həyata keçiriləcək tədbirlər diqqətdə saxlanılır.  Bu məqsədlə ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, ədliyyə nazirinin müavini Hüseyn Səfərovun iştirakı ilə təhsil naziri Elxan Nəcəfov müəssisədə məhkumlarla görüşüb.

Görüş zamanı müəssisədə peşə təhsilinin həyata keçirilməsinin və məhkumların müəyyən peşələrə yiyələnməsinin onların gələcək həyatlarındakı əhəmiyyəti müzakirə olunub. Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin İstehsalat sahəsində məhkumların hazırladıqları əl işləri ilə tanışlıq olub. Məhkumların COP 29-la bağlı hazırladıqları əl işləri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Cəzçaçəkmə Müəssisəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe müəssisələrin mütəxəssisləri tərəfindən misgərlik, taxta üzərində oyma, aşbazlıq, heykəltaraşlıq, kompüter və digər kursların təşkili nəzərdə tutulur.