...

“Şəhərsalma və memarlıq ili” çərçivəsində bələdiyyələrin rolu müzakirə olunub

06-02-2026 | 16:32

6 fevral 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili çərçivəsində bələdiyyələrin müasir şəhərsalma siyasətinin formalaşdırılmasında rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları, bələdiyyə üzvləri və qulluqçuları, eləcə də rayon (şəhər) icra hakimiyyətlərinin memarlıq və tikinti şöbələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Şəhərsalma və memarlıq ili çərçivəsində bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları” mövzusunda çıxış edib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Həsən Babayev 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsinin məqsədləri, şəhərsalma və memarlığın inkişaf istiqamətləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Emil Abdullasoy bu ilin müasir şəhərsalma və memarlıq mühitinin inkişafına təsiri, Naxçıvan Muxtar Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Zaur Vəliyev əmlak münasibətlərinin hüquqi tənzimlənməsi, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kərimov isə təhlükəsizlik tələblərinə və şəhərsalma normalarına cavab verən tikinti mühitinin formalaşdırılması məsələlərindən danışıblar.

Həmçinin bələdiyyə sədrlərinin çıxışları dinlənilib. Sonda mövzu ətrafında müxtəlif suallara aydınlıq gətirilib.