...

Sədərək rayonunda tikinti sahəsində maarifləndirici tədbir keçirilib

19-03-2026 | 17:12

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində qanunvericiliyin tələbləri və qanunsuz tikililərin qarşısının alınması mövzusunda növbəti maarifləndirici tədbir Sədərək rayonu Heydərabad qəsəbəsində təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüqar Süleymanov açaraq belə maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Ramin Əsədov və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Hüsaməddin Həsənov tikinti işlərinin aparılması zamanı mövcud normativ hüquqi aktların tələbləri, qanunsuz tikililərin qarşısının alınmasının vacibliyi, daşınmaz əmlakın qeydiyyatı, tikililərin hüquqi statusunun müəyyənləşdirilməsi və bu sahədə mövcud prosedurlar barədə ətraflı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki eksperti Həsən Babayev çıxış edərək tikinti sahəsində ekspertiza prosesləri, qanunsuz tikililərin aşkarlanması və hüquqi nəticələri barədə söhbət açıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.