Şahbuz rayonunda seminar təşkil olunub
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti dövlət qurumları ilə birgə təşkil etdiyi “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə baş tutub.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov tədbiri giriş sözü ilə açaraq bələdiyyə torpaqlarının səmərəli idarə olunmasının əhəmiyyəti və perspektivləri barədə məlumat verib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılmasının qaydaları” barədə qanunvericilikdən irəli gələn əsas məqamlardan bəhs edib. Bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi barədə ətraflı məlumat verib. Bələdiyyə torpaqlarının mülkiyyətə ayrılması, torpaqların təyinatına uyğun olaraq bazar qiyməti nəzəra alınmaqla satılması, icarə zamanı ərizəçi ilə bələdiyyə arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması məsələlərinə diqqət çəkib.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Davud Qarayev “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri”, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, Şahbuz Rayon İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şəmsəddin Həsənov “Tikinti norma və qaydalarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr”, Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş məsləhətçisi İbad Salmanov “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” mövzularında çıxış ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandlran suallara aydınlıq gətirilib və bələdiyyə sədrlərinə nazirlik tərəfindən hazırlanan “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait təqdim edilib.