Şahbuz rayonunda məhkum və borclularla maarifləndirici görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə profilaktik tədbirlər həyata keçirir. Nazirliyin 2025-ci il üçün İş Planına uyğun olaraq, aidiyyəti qurumlara köməklik göstərilir və icradan yayınma hallarının qarşısının alınması, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrası zamanı məhkumlar tərəfindən təkrar cinayət törədilməsinin qarşısının alınması məqsədilə maarifləndirici görüşlər təşkil olunur.
İyulun 23-də Nazirliyin İcra və Probasiya Xidməti və İstintaq bölməsi tərəfindən Şahbuz Rayon İcra və Probasiya Şöbəsində məhkum və borclu şəxslərlə görüş keçirilib.
Tədbiri İcra və Probasiya Xidmətinin rəis müavini, icra şöbəsinin rəisi Rahib Səfərov açaraq, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamını iştirakçılara xatırladıb.
Görüşdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri barədə məlumat verilib. Bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası məcburidir və borclu şəxslər tərəfindən icranın qərəzli şəkildə yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır.
İstintaq bölməsinin baş müstəntiqi Zamin Nəbiyev və İcra və Probasiya Xidmətinin Probasiya şöbəsinin aparıcı məsləhətçisi Əbülfəz Gülməmmədov icra sənədlərinin yerinə yetirilməsi, alimentin hesablanması və ödənilməsi, məhkəmə qərarlarının hissə-hissə icrası üçün məhkəməyə müraciət qaydaları, məhkəmə qərarlarının icra olunmamasına görə qanunvericilikdə nəzrdə tutulmuş məsuliyyət və bu sahədə qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat veriblər.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
![]() |
