Şahbuz rayonu üzrə bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tədbir təşkil edilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbir iyulun 18-də Şahbuz şəhərində keçirilmiş və “Yerli özünüidarəetmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr olunmuşdur.
Tədbirdə əvvəlcə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Arzu Əhmədov çıxış etmiş, yerli özünüidarəetmə fəaliyyətinə həsr olunan tədbirin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov çıxış edərək bələdiyyələrin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması ilə bağlı qarşıda duran əsas vəzifələrdən bəhs edib. Qeyd edib ki, fəaliyyət istiqamətinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirilmə və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər görülür. Aparılan işlər muxtar respublikada bələdiyyə fəaliyyətinin inkişafına, dövlətin və vətəndaşın mənafeyinə istiqamətlənib. Xəyal Eyvazov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı müəyyən edilmiş nöqsanları ümumiləşdirilmiş şəkildə diqqətə çatdırıb, rayon üzrə fəaliyyət göstərən bələdiyyələrdə görülən işlər barədə də ətraflı məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov və Maliyyə Nazirliyinin əməkdaşı Miryaqub Seyidov çıxış edib. Çıxış edənlər qeyd ediblər ki, hər bir bələdiyyənin vəzifəli şəxsi öz növbəsində torpaqların icarəyə və mülkiyyətə verilməsi, yerli vergi və ödənişlərin yığılması işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmalı və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.