Qürurumuz, yüksəlişimiz, iftixarımız Naxçıvan - 100 yaşın mübarək
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü il dekabrın 30-da Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşıladığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.
Azərbaycanın müstəqilliyinə gedən yol 1990-cı illərin əvvəllərində Naxçıvandan başlayıb. Naxçıvan Muxtar Respublikası o ağır günlərdən qurtuluşa görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə borcludur. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsini öz üzərinə götürdü. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, muxtar respublikanın adından “sovet sosialist” ifadəsi çıxarılıb. Bundan başqa, Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən sovet qoşunları bölgədən çıxarılıb, sərhəd məntəqələrində Azərbaycanın üç rəngli bayrağı qaldırılıb.
Ulu öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, Muxtar Respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dahi rəhbərin bu qədim yurd yerinə qayğısının ifadəsi idi və Naxçıvan Muxtar Respublikasının 80, 85, 90, 95 və 100 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir.
Naxçıvan muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət imkan verdi ki, Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın izi bu torpaqdan silinməsin. Şərqin əsas fikir və düşüncə mərkəzlərindən olan Naxçıvan əhalisi hər zaman milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərdi. Bunun adı istisnasız fədakarlıq, dövlətə və ölkəyə olan sonsuz məhəbbətdir.
Bu gün xalqımız əmindir ki, Ümummilli Liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firəvan gələcəyə aparır!
Naxçıvan Muxtar Respublikasının 100 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur. Bu yolu uğurla davam etdirən cənab Prezidentə minnətdarlığımızı və ehtiramımızı bildiririk.
Ad günün mübarək, daim gəncləşsə də tarixini qoruyan, ulu məskən!
Zülfü İsmayılov
Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi
"Naxcivanxeberleri.com" internet səhifəsində dərc edilmişdir