Qulluqda olmanın son yaş həddinə çatmış ədliyyə işçisi təqaüdə yola salınıb
Mayın 31-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki-kimyəvi və bioloji ekspertizalar bölməsinin rəisi, ekspert kiçik ədliyyə müşaviri İsmayılov Bayram Həsən oğlunun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış edərək Bayram İsmayılovun ədliyyə orqanlarında qulluq keçdiyi uzunmüddətli xidməti dövrü ərzində səmərəli fəaliyyətini, ekspertiza işlərini qanunvericiliyin tələblərinə uyğun olaraq icra etdiyini qeyd edib. Vurğulanıb ki, hələ 2003-cü ildən Azərbaycan Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda Məhkəmə Bioloji Ekspertizası şöbəsində elmi işçi kimi fəaliyyətə başlayan Bayram İsmayılov həm də 1981-ci ildən başlayaraq uzun illər pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. 2006-cı ildən yaradılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının ilk işçisi olmaqla, 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Narkotik maddələrin və psixotrop maddələrin ekspertizası bölməsinin böyük eksperti, 2022-ci ildən isə həmin bölmənin rəisi vəzifəsində fəaliyyyətini davam etdirib. Müəllimliyin, eyni zamanda ədliyyə işçisi olmağın fəxr və qürurverici olduğunu diqqətə çatdıran nazir müavini 21 il ərzində ədliyyə orqanlarında xidməti fəaliyyətini qüsursuz başa vurduğu üçün Bayram İsmayılovu təbrik edib, ona can sağlığı və gələcək həyatında uğurlar arzu edib.
Tədbirdə Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Rafiq Cəfərov və mərkəzin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi Emin Əliyev Bayram İsmayılovun qulluq illəri ərzində səmərəli və yorulmaz fəaliyyətindən, kollektivdə qazanığı hörmət və nüfuzdan, nümunəvi davranışından bəhs edib, bütün ictimai tədbirlərdə fəal iştirak etdiyini, nümunəvi ədliyyə qulluqçusu kimi xidmət etdiyini bildiriblər.
Sonra Bayram İsmayılovun ədliyyə orqanlarında qüsursuz fəaliyyətinin nəzərə alınaraq mukafatlandırılmasına dair nazirlik üzrə imzalanmış müvafiq əmr elan olunub.
Bayram İsmayılov göstərilən diqqət və qayğıya görə dövlət başçısına, nazirliyin rəhbərliyinə və kollektivə minnətdarlığını ifadə edib.
Sonda xatirə fotoşəkli çəkdirilib.