“Qələbəyə gedən yolda 20 illik şanlı tarix” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkə prezidenti seçilməsinin 20-ci il dönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində silsilə tədbirlər keçirilir. Növbəti tədbir oktyabrın 21-də yerli icra qurumlarının və qeydiyyat şöbələrinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Təşkilat-nəzarət şöbəsinin rəis müavini Ələkbər Hüseynov tədbiri giriş sözü ilə açaraq 2023-cü ilin ölkəmiz üçün tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu il həm ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, həm də İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümü fəxarət hissi ilə qeyd olunur. Ələkbər Hüseynov “Tarixi qələbədə İlham Əliyev imzası” mövzusunda çıxış edərək ərazi bütövlüyümüzün təmin edilməsində və tarixi Zəfərimizin əldə edilməsində cənab Prezident Müzəffər Ali Baş Komandanın həm müharibə sahəsində, həm də siyasi arenada apardığı uğurlu siyasətdən danışıb.
Sonra nazirliyin Qeydiyyat və notariat şöbəsinin baş məsləhətçisi Nərminə Əlizadə və Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Şəbnəm Əliyeva mövzu ilə bağlı çıxış ediblər.
Məruzəçilər müasir tariximizə möhtəşəm 20 il kimi yazılan İlham Əliyevin prezidentliyi müddətində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ədliyyə və məhkəmə-hüquq islahatları, Azərbaycanın hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsindən danışıblar. Vurğulanıb ki, 2006-c ildə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi haqqında Əsasnamənin təsdiq edilməsi məhz ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olmuşdur. Bununla da ədliyyə orqanlarının inkişaf mərhələsinin əsası qoyulmuşdur.
Daha sonra tədbir iştirakçıları “Dövlətçilik tariximizin ən qüdrətli mərhələsi: Prezident İlham Əliyevin 20 illik fəaliyyəti” adlı sənədli filmi izləyiblər.