...

“Qəhrəmanlıqdan əbədiyyətə” adlı tədbir keçirilib

27-09-2026 | 11:48

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar “Qəhrəmanlıqdan əbədiyyətə” adlı tədbir keçirilib. Tədbirdə qazilər, məhkumlar və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov açaraq “27 sentyabr – Anım Günü”nün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalov, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov, qazilər Arif Niftəliyev və İlkin Baxşəliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan və qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının vacibliyi vurğulanıb.
Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər salnaməsinin zirvəsi” adlı videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda məhkumlar üçün “Müharibə xatirələri” kitabı hədiyyə edilib, qazilərə isə məhkumlar tərəfindən hazırlanmış müxtəlif hədiyyələr təqdim olunub.