...

Profilaktiki tədbir keçirilib

24-10-2023 | 11:45

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun təlim-tədris mərkəzində profilaktiki tədbir keçirilib. Hərbi nəqliyyat sürücülərinin iştirakı ilə keçirilən maarifləndirici tədbir “Nəqliyyat vasitələrinin təhlükəsi idarə edilməsi və sürücülərin psixoloji vəziyyəti” mövzusuna həsr edilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi Bəhruz Məmmədov açaraq mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Məhəmməd Həşimov, Azər Abdullayev və Valeh Fərəcov mövzu ilə bağlı ətraflı çıxış ediblər. Çıxışlar zamanı nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinin tələbləri, avtomobillərin yanğın təhlükəsizliyi qaydaları, eyni zamanda sürücülük psixologiyası barədə ətraflı məlumat verilib, yol hərəkəti qaydalarına riayət olunmaması nəticəsində qanunvericiliklə yarana biləcək məsuliyyət diqqətə çatdırılıb.
Qeyd olunub ki, yol nəqliyyat hadisələrinin əksəriyyətinin sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verdiyindən hərbi hissələrdəki sürücülərin də yol hərəkəti qaydaları ilə bağlı bilikləri daim yenilənməli və təkmilləşdirilməlidir. Sürücülər yola düşməzdən əvvəl nəqliyyat vasitəsinin sazlığını yoxlamalı, xüsusilə də payız-qış mövsümündə havaların yağıntılı olması ilə əlaqədar daha diqqətli olmalı və avtomobillər mövsümə uyğun sinlərlə təmin edilməlidir.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.