...

Probasiya xidmətinin fəaliyyəti təkmilləşdirilir

13-09-2023 | 17:53

Ədliyyə Nazirliyi Probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bu il 100 illiyini geniş qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil dövlətimizin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişafını, Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş ərazilərimizin dövlət başçısı tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə sürətli bərpasını qeyd edib.

Ulu Öndərin təməlini qoyduğu və ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən humanizm siyasətindən, əfv və amnistiya aktlarının geniş tətbiqindən bəhs edib. Bildirib ki, dövlət başçısının 10.02.2017-ci il tarixli Sərəncamına əsasən cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit edilib, probasiya institutu təsis olunub.

Ötən dövrdə Probasiya xidmətinin fəaliyyəti ilə bağlı mühüm təşkilati, kadr və institusional tədbirlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələri geniş tətbiq olunub, Elektron monitorinq mərkəzi yaradılaraq məhkumların coğrafi yerdəyişməsinin ani vaxt rejimində izlənilməsi təmin edilib.

Hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 5.000-dən çox şəxs elektron qolbaq daşıyır və onların üzərində fasiləsiz probasiya nəzarəti həyata keçirilir.

Nazir görülmüş işlərlə yanaşı, probasiya fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsini, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini diqqətə çatdıraraq xidməti vəzifələrinin icrasında pozuntulara, o cümlədən xidmətdənkənar münasibətlərə və korrupsiyaya şərait yaradan hallara yol verən əməkdaşlarla bağlı görülən ciddi intizam tədbirlərinə toxunub. İşin səmərəli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və işçilərin məsuliyyət hissinin yüksəldilməsi məqsədilə nazirlik tərəfindən Monitorinq qrupunun yaradıldığını bildirib.

Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, qanunun aliliyinin təmin edilməsi barədə tələblərinin daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, insanların müraciətlərinə qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğunu diqqətə çatdırıb.

Müşavirədə bu sahədə iş yükünün çoxalması nəzərə alınaraq Xidmətin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib, qurumun yeni rəis müavini vəzifəsinə təyinat aparıldığı qeyd olunaraq tabe qurumların fəaliyyətinə nəzarətin, əməli və metodiki köməkliyin gücləndirilməsi, şəffaflığın və tələbkarlığın artırılaraq aşkar olunan nöqsanlara prinsipial münasibət bildirilməsi ilə bağlı konkret göstərişlər verilib.

Tədbir çərçivəsində həmçinin, Xidmətin Elektron monitorinq mərkəzinin fəaliyyəti ilə tanış olunub, azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, məhkumların islahında, cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqi, əməkdaşların peşəkarlığının yüksəldilməsi tapşırılıb.