...

Probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib

18-04-2025 | 18:25

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, aprelin 18-də İcra və Probasiya Xidmətinin təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslər üçün “Probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial adaptasiyası və reabilitasiyası, peşə və təhsil imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması, hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə iştirak edən şəxslərə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkilləri və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən pulsuz hüquqi və psixoloji yardım göstərilib.

Tədbiri giriş sözü ilə açan İcra və Probasiya Xidmətinin rəisi İntiqam Vəliyev bildirib ki, probasiya qeydiyyatında olan şəxslərin hüquqi maarifləndirilməsi, sosial adaptasiyası və reabilitasiyası, peşə və təhsil imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə təşkil edilən tədbir məhkum olunmuş şəxslərə pulsuz hüquqi və psixoloji yardımın göstərilməsi məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, ASAN Vəkil Bürosunun vəkili Azad Rəcəbov çıxışında qeyd edib ki, bu gün hər bir vətəndaşın yüksək səviyyədə hüquqi yardım almaq hüququ dövlət tərəfindən təmin olunur. Həmçinin, dövlət vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi istiqamətində mühüm addımlar atır.

Daha sonra Vəkillər Kollegiyasının vəkilləri probasiya qeydiyyatında olan bir qrup şəxslə fərdi görüşlər keçirib, onları maraqlandıran hüquqi məsələlərlə bağlı sualları cavablandırıblar. Mülki və cinayət qanunvericiliyi ilə bağlı izahatlar verilib, həm yazılı, həm də şifahi məsləhətlər təqdim olunub.

Tədbir çərçivəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin psixoloji-ekspertiza bölməsinin böyük eksperti Fariz Səyyadov da psixoloji yardıma ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onlara müvafiq dəstək göstərib.