...

Probasiya nəzarətində olan şəxslərin reinteqrasiyası istiqamətində fərdi iş aparılıb

24-07-2026 | 18:38

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidməti ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı əsasında şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərlə fərdi görüşlər keçirilib.
Görüşlərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin və "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin sosial adaptasiyasına və reabilitasiyasına dəstək göstərmək, məşğulluq imkanlarının genişləndirilməsinə kömək etmək, eləcə də onların cəmiyyətə uğurlu reinteqrasiyasını təmin etmək olub.
Görüşlər zamanı iştirakçıların müraciət və problemləri dinlənilib, hər bir şəxs üzrə fərdi qaydada müvafiq tədbirlər müəyyənləşdirilib. Eyni zamanda onlara dövlət tərəfindən təqdim olunan sosial xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, cəmiyyətə inteqrasiyanın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı məşğulluğun təmin olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.