...

Probasiya nəzarətində olan şəxslər cəmiyyətə reinteqrasiya olunur

21-05-2026 | 17:05

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin olunması və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov açaraq bu kateqoriyadan olan şəxslərin cəmiyyətə uyğunlaşmasının və onların sosial müdafiəsinin gücləndirilməsinin vacibliyindən danışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Yunis Məmmədov çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial adaptasiyası və reabilitasiyası istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslərin yenidən cəmiyyətə inteqrasiyası, onların təkrar hüquqpozmalara yol verməməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sədr müavini Heydər Quliyev isə yaxın müddət ərzində bu kateqoriyaya aid olan 80 nəfərin məşğulluq fəaliyyəti ilə təmin olunduğunu vurğulayıb. Bildirilib ki, məşğulluq tədbirlərinin genişləndirilməsi və bu şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Sonda probasiya nəzarətində olan şəxslər fərdi qaydada qəbul edilmiş, müraciətləri qeydiyyata alınaraq fərdi iş aparılmışdır.