...

Probasiya nəzarətində olan məhkumlarla görüş olub

28-10-2023 | 10:17

Oktyabrrın 27-də Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Culfa Rayon Məhkəməsinin inzibati binasında Culfa və Ordubad rayonları üzrə qeydiyyatda olan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə profilaktiki görüş keçirilib.

İcra və probasiya şöbəsinin məsləhətçisi Sahil Həsənov Ədliyyə Nazirliyi tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasının diqqətdə saxlanıldığını bildirib. İctimai işlər növündə cəza, islah işləri, cərimə cəzası, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə barədə ətraflı məlumat verib.

Cinayət məsuliyyəti, cəza, cəzanının növləri və onlardan biri olan azadlığın məhdudlaşdırılması cəzası, onun icra qaydası, bu cəzaya məhkum edilmiş şəxslərin hüquq və vəzifələri barədə qanunvericilikdən irəli gələn məqamları İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi Əbülfəz Gülməmmədov diqqətə çatdırıb. Vurğulanıb ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

Sonra məhkumları maraqlandıran suallar cavablandırılıb.