Penitensiar xidmətdə Naxçıvanın 100 illiyinə həsr olunan tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətində gənc ədliyyə işçiləri üçün muxtariyyətin 100 illik yubileyinə həsr olunan “Naxçıvan-Bir əsrlik muxtariyyət” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi, ədliyyə polkovniki Emin Kazımov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı” 30 dekabr 2023-cü il tarixli Sərəncam imzalamışdır. Emin Kazımov çıxışında muxtar respublikanın yubileyinə mühüm töhfə olan Sərəncamın mahiyyəti və əhəmiyyətindən danışaraq, bu qədim diyara muxtariyətin verilməsi üçün zəruri olan şəraiti zamanın özü yaratdığını və bunun labüd olduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikasının 100 illik inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünün bu gün olduğunu, Naxçıvanda həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verdiyini və Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası tərkibində daha böyük inam və qətiyyətlə irəlilədiyini qeyd edib.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Naxçıvan bölgəsinin tarixi mənbəyi”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq Asim Yadigar “Naxçıvan ədəbi mühiti”, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə milli-mənəvi dəyərlərə qayğı” və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir” mövzusunda çıxış ediblər. Çıxışlarda Naxçıvanın muxtariyyət tarixi və həmin dövrdə muxtar respublikanın ictimai, siyasi və mədəni həyatında baş verən əsas məqamlardan bəhs ediblər.
Sonra gənc ədliyyə işçilərinin Naxçıvanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil edilib.