...

Penitensiar Xidmətdə Əməliyyat Şurasının iclası keçirilib

04-08-2023 | 11:14

Avqustun 03-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2023-cü ilin birinci yarısında görülmuş işlər və qarşıda duran vəzifələrlə bağlı Əməliyyat Şurasının iclası keçirilmişdir. İclasda 2023-cü ilin altı ayı ərzində görülmüş işlər və cəzaçəkmə müəssisələrində sabitliyin qorunub saxlanılması istiqamətində görülən tədbirlər, eyni zamanda əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi barədə görülən işlər müzakirə olunub.

Əməliyyat Şurasına sədrlik edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov Şuranın iclasını açıq elan edib, ədliyyə sahəsinə, o cümlədən nazirliyin penitensiar sahəsinə göstərilən dövlət qayğısından bəhs edib, xidmətin gördüyü işlərə və həll olunması vacib olan məsələlərə toxunub.

Xidmətdə və cəzaçəkmə müəssisələrində görülən işlərlə bağlı Naxçıvan  Muxtar Respublikası ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi ədliyyə polkovniki Emin Kazımov məruzə ilə çıxış edib. Xidmət rəisi qeyd edib ki, görülən işlərlə yanaşı penitensiar müəssisələrdə 2023-cü ilin ilk altı ayı ərzində əməkdaşların bilik və peşə bacarıqlarının artırılması, onların hüquqi biliklərinin daha da möhkəmləndirilməsi, habelə şəxsi heyət və məhkumlarla maarifləndirmə-profilaktika işlərinin aparılması, islahetmə metodlarının səmərəliliyinin artırılması, məhkum və işçi arasında davranış qaydalarının düzgün qurulması istiqamətində profilaktika işlərinin genişləndirilməsi, məhkumların maddi məişət şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının qorunması əsas prioritet məsələ olmuşdur.

Sonra məruzə ətrafında Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə mayoru Əli Fətəliyev, İstintaq Təcridxanasının rəisi ədliyyə polkovnik- leytenantı Mahir Mümbətov, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat-rejim işləri üzrə rəis müavini ədliyyə mayoru Ramal Bəhlulov, Mühafizə Taburunun komandiri ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov çıxış ediblər.

Şura iclasına yekun vuran Ədliyyə Naziri xidmətdə qarşıya qoyulan vəzifələrin düzgün və vaxtında yerinə yetirilməsi istiqamətində tapşırıqlar verib. Bildirib ki, hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulması işi diqqətdə saxlanılmalı, məhkumların asudə vaxtlarından səmərəli istifadə olunması, məntəqə tipli cəzaçəkmə müəssisəsində daha çox məhkumun  işlə təmin olunması və peşə kurslarının açılması işi nəzarətdə saxlanılmalı, əməliyyat sahəsində iş gücləndirilməlidir.