Penitensiar Xidmətdə 12 Noyabr – “Konstitusiya Günü” münasibətilə tədbir təşkil olunub
“Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə 12 noyabr – “Konstitusiya Günü” münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov açıb. O, çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi əsaslarını müəyyən edən, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olan ən ali hüquqi sənəddir.
Daha sonra Penitensiar Xidmətin Tərbiyə işinin təşkili bölməsinin böyük inspektoru, ədliyyə mayoru Müşviq Cəfərov çıxış edərək bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının milli iradəsini və dövlətçilik ənənələrini ifadə edən dəyərlər məcmusudur. O, qeyd edib ki, penitensiar sistemdə fəaliyyət göstərən əməkdaşlar üçün Konstitusiyanın tələblərinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşıyır.
Sonda çıxış edən Penitensiar Xidmətin rejim-nəzarət bölməsinin böyük inspektoru, ədliyyə mayoru Amal Muradov Konstitusiyanın dövlətin suverenliyinin və hüquqi əsaslarının qorunmasında əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Konstitusiyası xalqımızın müstəqilliyinin rəmzi, dövlətimizin isə suverenliyinin təminatıdır. Hər bir dövlət qulluqçusu bu ali sənədin prinsiplərinə sadiq qalaraq fəaliyyətini qanunçuluq, şəffaflıq və məsuliyyət prinsipləri üzərində qurmalıdır.
Tədbirin sonunda “Azərbaycan Konstitusiyası özündə nələri ifadə edir” adlı videoçarx nümayiş olunub. Videoçarxda Konstitusiyanın yaranma tarixi, əsas prinsipləri və vətəndaş cəmiyyətinin formalaşmasında rolu barədə məlumatlar yer alıb.
![]() |
![]() |
![]() |
![]() |



