Ordubadda bələdiyyə sədrləri və üzvləri təlimə cəlb edilib
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Ordubadda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün təlim keçirilib.
Ədliyyə Nazirliyinin əməkdaşı Təbriz Eyvazlı “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” və Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov “Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları” barədə qanunvericiliyin tələblərini təlim iştirakçılarının diqqətinə çatdırıblar.
Təlimdə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri barədə ətraflı məlumat verilib. Tədiyə bildirişi, yerli vergi və ödənişlərin düzgün hesablanması, torpaq vergilərinin hesablanma müddəti və digər məsələlərdən bəhs edilib. Çıxış edənlər bələdiyyə büdcəsinin formalaşdırılmasında yerli vergilər və ödənişlərin xüsusi rolu məsələsinə toxunub. Qeyd olunub ki, vergi qanunvericiliyi ilə müəyyən edilmiş yerli vergiləri tam həcmdə və vaxtında ödəmək vergi ödəyicilərinin borcudur. Vergilərin ödənilməsi qanunvericilikdə müəyyən olunmuş müddətdə və məbləğdə vergi ödəyiciləri tərəfindən həyata keçirilməlidir.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına nazirlik tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” bukletlər təqdim edilib.