...

Ordubad rayonunda profilaktiki tədbir keçirilib

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölməsinin əməkdaşları tərəfindən Ordubad rayon Aşağı Əylis Kənd Mərkəzində borclularla profilaktiki tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması istiqamətində profilaktika və hüquqi maarifləndirmə işini təşkil etmək və bu sahədə yaranmış çətinliklərin aradan qaldırılmasını təmin etməkdən ibarətdir.

Nazirliyin İstintaq bölməsinin baş məsləhətçisi Asət Mirzəyev və İcra və probasiya şöbəsinin məsləhətçisi Yaqub Musayev tədbirdə çıxış edib, qanunvericilikdən irəli gələn əsas məqamlar barədə məlumat veriblər.

Çıxışlarda məhkəmə və digər orqanların qərarlarının vaxtında icra edilməməsinin, icradan qərəzli olaraq boyun qaçırılmasının yaratdığı hüquqi məsuliyyət və icra hərəkətlərinin yerinə yetirilməsinə dair tələblər borcluların diqqətinə çatdırılıb. Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qərarların icrası ədalət mühakiməsinin yüksək keyfiyyətinə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Tədbirdə borcluların sualları cavablandırılıb və yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində geniş müzakirələr aparılıb