Növbəti maarifləndirici seminar Şərur rayonunda keçirilib
İyunun 06-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı da Şərur rayonunda bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib. Seminar “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusuna həsr edilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sahib Qurbanov tədbiri giriş sözü ilə açaraq bələdiyyələrdə işin səmərəli qurulması istiqamətində görüləcək işlərdən bəhs edib, torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsinin əhəmiyyətindən danışıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Təbriz Eyvazlı torpaqlardan təyinatına uyğun istifadə olunmasının vacibliyini vurğulayıb, bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində qanunvericilikdə nəzərdə tutulan əsas məqamları barədə məlumat verib. Bildirib ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və aidiyyəti dövlət qurumları bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məsələlərini diqqətdə saxlayır və bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirirlər.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Davud Qarayev “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri”, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Zaur Vəliyev “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, Şərur Rayon İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi Elçin Əzizli “Tikinti norma və qaydalarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşı Məmməd Cəfərovun “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” barədə məlumat veriblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, bələdiyyə sədrlərinə Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait və “Metodiki sənədlər toplusu” təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti