Notariat sahəsində təlim xarakterli tədbir keçirilib
Oktyabrın 16-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin rəisi Fuad Əkbərov, 4 saylı “ASAN xidmət” mərkəzinin notariusu Sidqi Həbibbəyli və 5 saylı “ASAN xidmət” mərkəzinin hüquqşünası Həmid Əhmədovun iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində notariat, qeydiyyat və reyestr sahələri üzrə təlim xarakterli tədbir keçirilib.
Notariat, qeydiyyat və reyestr şöbəsinin rəisi Araz Abbaslı tədbiri giriş sözü ilə açaraq notariat sahəsində həyata keçirilən islahatlardan, tətbiq olunan yeni mexanizmlərdən və xidmətlərin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan danışıb. O, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin, müasir texnologiyaların tətbiqinin və vətəndaş məmnuniyyətinin təmin edilməsinin əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
Sonra təlimçilər muxtar respublikada notariat, qeydiyyat və reyestr sahələrində fəaliyyət göstərən əməkdaşlara müvafiq sahələr üzrə ortaya çıxan çətinliklər və onların qanunvericilikdəki həlli yolları barədə ətraflı izahlar və tövsiyyələr veriblər.
Tədbirdə qarşılıqlı müzakirələr aparılıb, təlimçilər öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Sonda iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





