...

Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib

09-04-2024 | 11:45

Qeyri-kommersiya təşkilatı və notariusların peşə birliyi olan Azərbaycan Notariat Palatası və Almaniya Federal Notariat Palatasının birgə təşkilatçılığı ilə “Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri” mövzusu üzrə seminar keçirilib.

Seminarda Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov vərəsəliyin tənzimlənməsinin əsas xüsusiyyətləri və notariat praktikasında vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı bir sıra aktual məsələlərə toxunaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26.12.2023-cü il tarixli Qərarından sonrakı yaranmış yeni hüquqi müstəvidə vərəsəliyin rəsmiləşdirilməsində notariusların üzərlərinə düşən vəzifələr barəsində çıxış etmişdir. Konstitusiya Məhkəməsinin yeni qərarının notariat praktikasında tətbiqi və vərəsəliyin rəsmiləşdirilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanmışdır.Qeyd edilmişdir ki, vərəsəliyə dair qanunvericiliyin tətbiqi ilə bağlı Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi ilə birgə müzakirələr aparılması və təkliflərin hazırlanması, bu istiqamətdə notariusların maarifləndirilməsi məqsədilə tədbirlər planlaşdırılır və həyata keçirilir.

Tədbirdə “Azərbaycan Respublikasında vərəsəliyin rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri və yeni qaydalar”, “Vərəsəliyin rəsmiləşdirilməsinin Almaniya təcrübəsi”, “Beynəlxalq vərəsəlik: Almaniya-Azərbaycan işləri” və “Xarici elementli vərəsəlik işlərinin xüsusiyyətləri” mövzularında məruzələr dinlənilib.

Seminar iştirakçıları vərəsəlik sahəsi üzrə qanunvericiliyin notariat təcrübəsində tətbiqi məsələlərinin aydınlaşdırılması istiqamətində notariat sahəsində görülən işlər, xarici və milli təcrübədə vərəsəliyin tənzimlənməsinin qanunvericilik əsasları, yeni qaydalarla vərəsəliyin rəsmiləşdirilməsində nəzəri və təcrübi istiqamətlərinin müəyyən olunması və digər mövzularda öz təcrübələrini bölüşüblər.

Seminarda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 50 notarius iştirak etmişdir, Naxçıvan Muxtar Respublikasından isə Şərur rayon 1 saylı Notariat ofisinin notariusu Araz Abbaslı iştirak etmişdir.

Seminar çərçivəsində çıxışlar ətrafında diskussiyalar aparılmış, fikirlər və təkliflər dinlənilmiş, notariusları maraqlandıran suallar cavablandırılmışdır.