...

Nikah və doğum şəhadətnamələri xüsusi açıqçalarda təqdim edilir

25-05-2023 | 11:07

2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi dərin ehtiram və xüsusi minnətdarlıqla qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin tabe qurumları olan nikah evləri və qeydiyyat şöbələrində yeni ailə həyatı quran gənclərin nikahlarının və yeni dünyayagəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyatı mərasimləri keçirilir, onlara xüsusi hazırlanmış açıqcalarda müvafiq şəhadətnamələr təqdim edilir. Mərasimlərdə, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilir. Sağlam cəmiyyətin, güclü dövlətin qurulub möhkəmlənməsində ailənin son dərəcə vacib amil olduğunu dönə-dönə qeyd edən və onu göz bəbəyi qorumağı məsləhət görən Heydər Əliyevin ailəsinə verdiyi dəyər nümunə kimi göstərilir, yeni qurulan ailələrə mövcud ənənələrə və qaydalara əməl etmələri tövsiyə edilir və yeni doğulmuş körpələrin valideynlərinə cəmiyyətimizə və dövlətimizə layiqli vətəndaş yetişdirmələri vurğulanır.

Yeni ailə quranlar və körpələrin valideynləri bugünün onların həyatında xüsusilə əlamətdar hadisə olduğunu və “Heydər Əliyevİli”nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirmiş, xoş arzu və təbriklər ifadə etmişlər.

Qeyd edək ki, “Heydər Əliyev İli”  ilə əlaqədar ilin sonundək nikah və doğum şəhadətnamələri xüsusi açıqçalarda təqdim ediləcəkdir.

 

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti