Nazirliyin əməkdaşları xüsusi kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunmuş seminarda iştirak edib
22-23 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində "Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri" mövzusunda seminar keçirilib.
İki gün davam edən seminar-təlim beynəlxalq hüquq çərçivəsində müəyyən kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunub.
Seminarda Ombudsman Səbinə Əliyeva, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinotoru Andrey Kozik, BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç, o cümlədən muxtar respublikanın müvafiq dövlət orqanlarının və media nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç seminarın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzu ediblər.
Sonra BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinatoru Andrey Kozik və digər rəsmi şəxslərin mövzu ətrafında çıxışları olub.
Seminarın ikinci günündə mövzu ilə bağlı məruzələr dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.