Nazirliyin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2023-ci il tarixli Sərəncamına əsasən ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilən əməkdaşlar sırasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, ədliyyə müşaviri Xəyal Eyvazov da yer alıb. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Medalın və onun vəsiqəsinin təqdim edilməsi münasibətlə dekabrın 30-da nazirlikdə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən ədliyyə orqanlarının hərtərfli inkişafına xüsusi diqqət göstərilir, qayğı ilə əhatə olunur və onların sosial müdafiəsi gücləndirilir. Eyni zamanda xidmət apardıqları dövrdə ədliyyə işçilərinin əməyi yüksək qiymətləndirilir, xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılır. Göstərilən yüksək diqqət və qayğıya görə nazirliyin kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən Hüseyn Səfərov böyük hörmət və ehtiramla anadan olmasının 100-cü ildönümü qeyd etdiyimiz ümummmilli lider Heydər Əliyevin yüksək amallarına daim sadiq qalaraq, vətənimizin tərəqqisi naminə ədliyyə işçilərinin də ölkə prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını bildirib. Dövlət səviyyəsində göstərilən etimadı doğrultmaq üçün əməkdaşların vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına əmin olduğunu qeyd edib. Sonra Hüseyn Səfərov, medal və vəsiqəni Xəyal Eyvazova təqdim edib, onu təbrik edərək, işlərində uğurlar arzu edib.