Naxçıvanda “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilib
Noyabrın 4-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-cü ilin ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası üçün əlamətdar hadisələrlə dolu bir il kimi başa çatacağını bildirib. Diqqətə çatdırıb ki, “Heydər Əliyev İli”ndə Naxçıvan Muxtar Respublikasında yeni siyasi idarəetmə sistemi tətbiq olunur. Muxtar respublikanın hərtərəfli inkişafına hesablanmış dövlət proqramı təsdiqlənib və yeni layihələrin reallaşdırılması üçün böyük maliyyə vəsaiti ayrılıb. Eyni zamanda bu il suverenliyimizin tam bərpa olunmasının təntənəsini yaşayırıq. Bu uğurların təməlində dayanan cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyini böyük qürur və sevinclə qeyd edirik.
Ümummilli Liderimizin 2003-cü ildə müraciəti zamanı səsləndirdiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsini xatırladan səlahiyyətli nümayəndə vurğulayıb ki, dövlət başçımız ötən 20 ildə ata vəsiyyətini yerinə yetirməklə bu inamı doğrultdu. Dövlət başçımızın müstəsna xidmətləri nəticəsində Azərbaycanda yeni reallıqlar, yeni platformalar yaranıb. “Biz xoşbəxt insanlarıq ki, xalqımızın 200 illik mübarizəsini möhtəşəm Qələbə ilə başa çatdıran Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyat sürürük. Cənab İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi möhtəşəm Qarabağ zəfəri suveren Azərbaycana regionda öz sözünü deməyə böyük imkanlar verir. Noyabrın 8-də Xankəndidə keçiriləcək hərbi parad bir daha Azərbaycanın gücünü bütün dünyaya sübut edəcək”,- deyə səlahiyyətli nümayəndə Fuad Nəcəfli bildirib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxışında qeyd edib ki, ölkəmizdə son 20 ilin uğurları, tarixə yazılan möhtəşəm qələbələr onu deməyə əsas verir ki, ölkə başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaqla Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırıb.
Baş nazir bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yeni idarəetmə formasının yaradılması, nümayəndəlik institutunun təsisi, struktur islahatlarının aparılması muxtar respublikanın inkişafında əhəmiyyətli rol oynayır. Bu ilin ötən dövründə muxtar respublikada 487,1 milyon manat dəyərində sənaye, 263,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Əsas kapitala yönəldilmiş vəsaitlər 125 milyon manat, pərakəndə ticarət dövriyyəsi ciddi həcmdə artaraq 951,9 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 139,3 milyon manat, dövlət büdcəsinin gəlirləri 148,3 milyon manat, dövlət büdcəsinin xərcləri 404,3 milyon manat, orta aylıq nominal əməkhaqqı 671 manat olub. Bundan başqa, 2023-cü ilin yanvar-sentyabr aylarında 704 daimi iş yerinin açılması təmin edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edib. Çıxışlarda dövlət başçımızın 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun müxtəlif məqamlarına nəzər salınıb. Xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir.
Sonda Naxçıvan televiziyasının hazırladığı “Zəfərə gedən 20 il” qısa filmi nümayiş etdirilib.