...

Naxçıvanda vəkillik və mediasiyaya həsr olunan regional konfrans keçirilib

09-06-2026 | 12:32

Naxçıvanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, muxtar respublikanın rəsmi şəxsləri, hakimlər, vəkillər, mediatorlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov da tədbirdə iştirak edib və çıxışında vəkillik institutunun hüquqi dövlət quruculuğunda mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında qurulmuş əməkdaşlıq vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə və hüquq sisteminin inkişafına xidmət edir.

Konfrans çərçivəsində digər məruzələr dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.