...

Naxçıvanda STEAM Təlim - Tədris Mərkəzinin açılışı olub

16-06-2023 | 09:37

İyunun 14-də Azərbayacan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin eksponatları ilə tanış olublar.

 Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə iştirak ediblər. Məzun günündə elm və təhsil naziri Emin Əmrullayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək məzunları təbrik edib, onlarla xatirə fotosu çəkdiriblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və qonaqların iştirakı ilə Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin açılışı olub.  Bildirildi ki, STEAM Təlim-Tədris Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə həyata keçirilən “STEAM Azərbaycan” layihəsinin əsasında yaradılıb.

Məlumat verildi ki, STEAM Təlim-Tədris Mərkəzi 236 yerlikdir.  Mərkəz zirzəmi ilə birgə 3 mərtəbədən ibarətdir. Burada STEAM, robototexnika, CNC-3D texnologiyası, qrafiki dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, proqramlaşdırma dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzlə tanışlıq zamanı STEAM Azərbaycan Festivalından bəhs edən nazir Emin Əmrullayev Naxçıvan məktəblilərinin festivalda fəal iştirak etdiyini vurğuladı.

Sonra Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin müəllim və tələbələrinin 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

 Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin məzun günündə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Dövlət Universitetinin böyük perspektivi olduğunu vurğulayıb, gələcək həkimlərimizə müvəfəqiyyətlər arzulayıblar.

Tibb fakültəsinin 1999-cu ildə məhz Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaradıldığını bildirən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu fakültənin ölkəmizdə paytaxdan kənarda yeganə fakültə olduğunu qeyd etdi.

Məzun günü bədii hissə ilə davam etdi. Sonra Tibb fakültəsinin məzunları and içdilər. Məzunlara rəmzi keçici diplomlar təqdim olundu.