Naxçıvanda şəhid ailələrinə, qazilərə və sağlamlıq imkanları məhdud şəxslərə mənzillər və avtomobillər təqdim olunub
Noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb. 3 İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 14 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə yeni mənzil təyin olunub, 5 qaziyə və 2 sağlamlıq imkanları məhdud şəxsə isə avtomobillər təqdim edilib.
Təqdimat mərasimində Fuad Nəcəfli bu ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu qeyd edərək deyib ki, “Müzəffər Ali Baş Komandanımızın iştirakı ilə Zəfər Bayramının 3-cü ildönümünü Xankəndidə zəfər paradı ilə qeyd etdik. Bu fəxarəti bizə qalib ordunun qalib əsgərləri yaşatdı. Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitlərinin də həmin paradda iştirakı xüsusilə qürurverici idi”.
Fuad Nəcəfli qeyd edib ki, dövlətimiz hər zaman şəhid ailələri və qazilərimizin yanındadır. Onların sağlamlığı daim diqqətdə saxlanılır, həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl sosial layihələr həyata keçirilir. Naxçıvanda şəhid ailələri və qazilərlə bağlı ictimai birliklərin yaradılması bu layihələrin daha da koordinasiyalı şəkildə yerinə yetirilməsinə, onların problemlərinin daha operativ həllinə imkan verəcək.
Səlahiyyətli nümayəndə Zəfər Bayramının 3-cü ildönümü və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib, Zəfər Günü və digər bayramlar münasibətilə təbriklərini çatdırıb.
Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan, Ordubad, Babək, Şahbuz, Culfa şəhərlərində, eləcə də Sədərək rayonunun Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrindəki yaşayış binalarında yerləşir.