Naxçıvanda sahibkarlarla görüş keçirilib
Noyabrın 17-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib. “Sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı sui-istifadə və korrupsiya hallarının qarşısının alınması məqsədilə sahibkarlıq subyektləri üçün bu sahədə məlumatlılığın artırılması” və “Mediasiya işinin təbliği və KOB subyektləri arasındakı mübahisələrdə mediasiya fəaliyyətinin tətbiqi”nə həsr olunan görüşdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul əməkdaşları, Naxçıvan Mediasiya Təşkilatının mediatorları və sahibkarlar iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi Zülfü İsmayılov açaraq ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, keçirilən görüşün sahibkarlıq subyektlərinin bu sahədə hüquqi məlumatlılığının artırılmasına müsbət təsir edəcəyini bildirib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Dövlət reyestrləri idarəsinin rəisi Seymur İsmayılov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması zərurəti və məqsədi” və baş məsləhətçisi Anar Quliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi dairəsi və tələbləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi Mətanət Əsgərova “Korrupsiya ilə mübarizə” mövzularında ətraflı çıxış ediblər.
Daha sonra Naxçıvan Muxtar Respublikası Mediasiya Təşkilatının direktoru Yusif Həsənov “Mediasiya işinin təbliği və KOB subyektləri arasındakı mübahisələrdə mediasiya fəaliyyətinin tətbiqi” və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarların inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov “Sahibkarlığın inkişafı istiqamətləri, sui-istifadə və korrupsiya hallarının qarşısının alınmasının iqtisadi inkişafda əhəmiyyəti və rolu” mövzularında çıxış ediblər.
Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olunub.